Pedaqoji şura iclas yox, nəticə yaradan idarəetmə mexanizmi olmalıdır
"Məktəbdə pedaqoji şuranın keçirilməsi təqvimdə nəzərdə tutulan növbəti tədbirin icrası kimi qəbul edilirsə, burada ciddi idarəetmə problemi var. Çünki pedaqoji şura sadəcə müəllimlərin bir otaqda toplaşdığı, çıxışların dinlənildiyi və sonda protokolun yazıldığı toplantı deyil. Bu qurum məktəbin təlim-tərbiyə vəziyyətini təhlil etməli, problemləri üzə çıxarmalı, onların səbəblərini araşdırmalı və konkret qərarlar qəbul etməlidir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, təəssüf ki, bəzi məktəblərdə pedaqoji şuranın mahiyyəti məhz bu nöqtədə dəyişir. Gündəlik əvvəlcədən məlum olan ümumi məsələlərdən ibarət olur, hesabat xarakterli çıxışlar edilir, bir-birinə bənzəyən fikirlər səsləndirilir və nəticədə ümumi xarakterli qərarlar qəbul olunur. "İş gücləndirilsin", "nəzarət artırılsın", "müəllimlərə tapşırılsın" kimi ifadələr protokolda yer alır, lakin həmin qərarların real həyatda nəyi dəyişdirdiyi məlum olmur:
"Belə yanaşmanın ən ciddi problemi pedaqoji şuranın özünün məqsədə çevrilməsidir. Halbuki məqsəd iclas keçirmək deyil, məktəbdə konkret nəticə əldə etməkdir. Əgər eyni problem üç-dörd pedaqoji şurada ardıcıl olaraq müzakirə olunur, lakin nəzərəçarpacaq dəyişiklik baş vermirsə, deməli, məsələ artıq şagirdin, müəllimin və ya fənnin problemi olmaqdan çıxaraq idarəetmə probleminə çevrilib.
Pedaqoji şuranın formal xarakter daşımasının səbəblərindən biri də problemlərə rəqəmlər və faktlar əsasında yanaşılmamasıdır. "Şagirdlərin biliyi zəifdir" demək asandır. Əsas məsələ bunun harada və niyə baş verdiyini müəyyənləşdirməkdir. Hansı sinifdə nəticələr aşağıdır? Hansı mövzularda çətinlik var? Eyni problem niyə təkrarlanır? Müəllimin hansı metodiki dəstəyə ehtiyacı var? Şagirdin nəticəsinə təsir edən digər amillər hansılardır? Pedaqoji şura məhz bu suallara cavab axtarmalıdır.
Əks halda iclas müzakirə görüntüsü yaradır, amma problemin özünə toxunmur. Problemin adı çəkilir, səbəbi araşdırılmır; qərar qəbul edilir, icrası izlənilmir; növbəti iclasda isə yeni gündəliklə fəaliyyət davam etdirilir. Belə bir dövrə məktəbin inkişafına deyil, yalnız sənədləşməyə xidmət edir.
Daha bir mühüm məsələ pedaqoji şuralarda müəllimlərin iştirakçılıq səviyyəsidir. Müəllim yalnız dinləyici və iclasın sonunda imza atan şəxsə çevrilirsə, kollektiv müzakirənin mahiyyəti itir. Məktəbdə problemi birbaşa yaşayan müəllimin fikri eşidilməli, təklifləri müzakirəyə çıxarılmalı və fərqli yanaşmaların səslənməsinə imkan verilməlidir. Çünki sağlam pedaqoji mühit problemlərin üstündən keçən deyil, onları açıq şəkildə müzakirə edən və həlli yollarını axtaran mühitdir.
Burada məktəb rəhbərliyinin məsuliyyəti xüsusilə böyükdür. Pedaqoji şura direktorun sadəcə tapşırıqlarını çatdırdığı toplantıya çevrilməməlidir. Direktor şuranı elə təşkil etməlidir ki, iclasda konkret problem qoyulsun, faktlar ortaya gətirilsin, müxtəlif fikirlər dinlənilsin və sonda məsuliyyəti müəyyənləşdirilən konkret qərar qəbul edilsin.
Qərarın konkretliyi də xüsusi əhəmiyyət daşıyır. "Təlim keyfiyyəti yüksəldilsin" qərar deyil, arzudur. Qərar o zaman real qərara çevrilir ki, nə ediləcəyi, kimin edəcəyi, hansı müddətdə görüləcəyi və hansı nəticənin gözlənildiyi bəlli olsun. Daha sonra isə həmin nəticənin əldə edilib-edilmədiyi yoxlanılmalıdır. Əldə edilməyibsə, səbəb araşdırılmalı və yeni yanaşma müəyyənləşdirilməlidir.
Əsl pedaqoji şura məktəbdə məsuliyyət mədəniyyəti də formalaşdırmalıdır. Qəbul edilən qərar kağız üzərində qalırsa və onun icrasına görə məsuliyyət daşınmırsa, növbəti iclasda eyni vəziyyətin təkrarlanması qaçılmazdır. Buna görə hər qərarın icrası izlənilməli, nəticə tələb olunmalı və zərurət yarandıqda qərarlar yenidən nəzərdən keçirilməlidir.
Yaxşı pedaqoji şuranın fəaliyyətini qiymətləndirmək üçün çoxlu meyarlara ehtiyac yoxdur. Bir sual kifayətdir: bu iclasdan sonra məktəbdə nə dəyişdi? Şagirdlərin nəticəsi yaxşılaşıbmı? Müəllimin işində dəyişiklik baş veribmi? Davamiyyət problemi azalıbmı? Müəyyən edilmiş çatışmazlıq aradan qaldırılıbmı? Yeni metod tətbiq olunubmu? Əgər bunların əvəzinə yalnız səliqəli yazılmış protokol varsa, deməli, əsas məqsəd gözdən qaçırılıb.
Məktəbin idarə olunması yalnız sənədlərin qaydasında saxlanılması ilə ölçülmür. Sənəd, protokol və hesabat, əlbəttə, lazımdır. Amma bunların hamısı real fəaliyyətin izini daşımalıdır. Kağız üzərində hər şey qaydasındadırsa, lakin məktəbin nəticələrində dəyişiklik yoxdursa, deməli, idarəetmənin formal tərəfi güclü, məzmunu isə zəifdir.
Pedaqoji şura məktəbin "formal hesabat masası"na çevrilməməlidir. O, məktəbin problemlərinin açıq müzakirə edildiyi, konkret qərarların qəbul olunduğu və nəticələrin tələb edildiyi peşəkar platforma olmalıdır. Burada əsas meyar iclasın sayı və protokolun həcmi deyil, qəbul edilən qərarın məktəbdə yaratdığı dəyişiklikdir.
Məktəbdə dəyişiklik yaratmaq istəyiriksə, pedaqoji şuraya münasibəti də dəyişməliyik: iclas xatirinə iclas yox, nəticə üçün iclas; protokol xatirinə qərar yox, dəyişiklik yaradan qərar; hesabat xatirinə fəaliyyət yox, məktəbin inkişafına xidmət edən fəaliyyət. Pedaqoji şuranın həqiqi mahiyyəti məhz burada başlayır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










