Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!

Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!"Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır" deyib.

Oktay Saral sıradan bir şəxs deyil. Onun Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsində təmsil olunması bəyanatına xüsusi siyasi çəki qazandırır. Bu baxımdan, Saralın açıqlaması Türkiyədəki müəyyən siyasi dairələrin Azərbaycanda baş verən proseslərə münasibətinin göstəricisi kimi də qiymətləndirilə bilər".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, baş müşavirin bəyanatından sonra Türkiyədən Azərbaycana qarşı səsləndirilən tənqidlərin yalnız sosial şəbəkələrdəki trolların, ayrı-ayrı media qurumlarının və naməlum qüvvələrin fəaliyyəti ilə məhdudlaşdığını iddia etmək çətinləşir. Artıq məsələ Türkiyə Prezidentinin yaxın çevrəsində təmsil olunan şəxsin açıqlaması səviyyəsində müzakirə olunur:

"Yeni Azərbaycan Partiyası (YAP) məsələyə münasibət bildirərək mövqeyini ortaya qoyub. Lakin hesab edirəm ki, bu məsələdə yalnız YAP deyil, hər bir Azərbaycan vətəndaşı öz mövqeyini ifadə etməlidir. Özü də hay-küylə, təhqirlə deyil, bizə yaraşan şəkildə - dövlətçilik mövqeyindən çıxış edərək.
İlk növbədə, bir məqamı xüsusi vurğulamaq lazımdır: Azərbaycan və Türkiyə sadəcə qonşu ölkələr deyil. Biz qardaş, dost və müttəfiq dövlətlərik. Türkiyə mediasının son dövrlərdə Azərbaycana münasibəti, Ankaradakı bəzi dairələrin əvvəlcə xarici siyasətimizə, indi isə daxili məsələlərimizə dair açıqlamaları bu reallığı dəyişmir.
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi ətrafında Türkiyədə aparılan müzakirələr, daha sonra isə Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarına göstərilən münasibət suallar doğurur. Bu hadisələr fonunda Azərbaycanın siyasi qərarlarına kənardan qiymət verilməsi və həmin qərarların mübahisə predmetinə çevrilməsi diqqətlə təhlil edilməlidir.
Bütün bunlara baxmayaraq, Türkiyə bizim üçün yenə də dost, müttəfiq və qardaş ölkədir. Çünki Azərbaycan-Türkiyə münasibətləri bir neçə günlük siyasi müzakirələrə, ayrı-ayrı şəxslərin açıqlamalarına və ya sosial şəbəkələrdəki kampaniyalara söykənmir.
Bu münasibətlərin kökləri onilliklərə, hətta əsrlərə gedib çıxır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə qədəm qoydu. İki ölkə arasındakı qardaşlıq və strateji yaxınlıq Heydər Əliyevin məşhur "Bir millət, iki dövlət" ifadəsində özünün ən yığcam və təsirli ifadəsini tapdı.
Bu şüar təsadüfən yaranmayıb. Azərbaycanla Türkiyə arasında tarixi, milli, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. Lakin burada bir həqiqəti unutmamalıyıq: "Bir millət" anlayışı "bir dövlət" anlayışı demək deyil. Əksinə, bu qardaşlığın əsas şərtlərindən biri iki dövlətin müstəqilliyinə, suverenliyinə və siyasi seçimlərinə qarşılıqlı hörmətlə yanaşılmasıdır.
Azərbaycan Türkiyəyə qardaş deyərkən öz dövlətçilik iradəsindən imtina etməyib. Heç vaxt da etməyəcək. Hər bir dövlətin öz milli maraqları, prioritetləri və siyasi qərarları var. Müstəqil xarici və daxili siyasət yürütmək suveren dövlətin ayrılmaz hüququdur. Heç kimin başqa bir dövlətin bu hüququnu məhdudlaşdırmağa haqqı yoxdur.
Bunu xatırlatmaq üçün tariximizə nəzər salmaq kifayətdir.
Türkiyənin çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyi unutmaq olmaz.
2021-ci ilin iyul ayının sonlarında Türkiyənin müxtəlif bölgələrində genişmiqyaslı meşə yanğınları başladı. Yanğınların genişləndiyi həmin günlərdə Türkiyəyə yardım göstərən ölkələrdən biri Azərbaycan oldu. Azərbaycanın yanğınsöndürənlərdən ibarət qrupları Türkiyəyə göndərildi. İyulun 31-də 100 nəfərlik qrupun Muğlanın Dalaman hava limanına çatması da həmin yardım səylərinin tərkib hissəsi idi.
Bu hadisələri bu gün də aydın xatırlayıram. Çünki həmin vaxt Fövqəladə Hallar Nazirliyinin xətti ilə Türkiyəyə gedən jurnalistlərdən biri də mən idim. Muğlanın dağlıq ərazilərində həyatlarını təhlükəyə ataraq yanğınlarla mübarizə aparan, insanları xilas etməyə çalışan azərbaycanlı yanğınsöndürənlərimizi öz gözlərimlə görmüşəm.
Onların alovun qarşısına necə çıxdıqlarını, təhlükəyə baxmayaraq insanlara kömək etmək üçün necə mübarizə apardıqlarını müşahidə etmişəm. Bu, sadəcə peşə borcu deyildi. Bu, qardaş ölkənin dərdinə öz dərdi kimi yanaşmağın, çətin gündə yanında olmağın təzahürü idi.
2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra da Azərbaycan Türkiyəyə yardım göstərən ilk ölkələr sırasında yer aldı. Həmin günləri də yaxşı xatırlayıram. Gecə saatlarında Azərbaycan vətəndaşlarının evlərindəki yorğan-döşəkləri, paltarları və digər zəruri əşyaları yardım maşınlarına daşımasını, yükləməsini və qardaş ölkəyə göndərməsini unutmaq mümkün deyil.
Azərbaycan xalqı bunu təmənna üçün etmirdi. Heç kim Türkiyədən qarşılığında siyasi güzəşt, xüsusi münasibət və ya minnətdarlıq tələb etmirdi. Çünki qardaşlıq çətin gündə yanında olmaq, ağrını bölüşmək və imkan daxilində kömək etməkdir.
Lakin unutmadıqlarımız qədər xatırlanmasını istədiyimiz tarixi məqamlar da var.
İrəvanın 1918-ci ildə Ermənistanın paytaxtı kimi qəbul edilməsi prosesində Osmanlı hökumətinin mövqeyi və rolu tarixçilər tərəfindən müxtəlif aspektlərdən araşdırılıb. Bu məsələnin tarixi kontekstini, dövrün siyasi şərtlərini və tərəflərin mövqelərini nəzərə almadan birtərəfli nəticələrə gəlmək olmaz.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutu və ölkənin sovetləşdirilməsi də mürəkkəb tarixi proseslərin nəticəsi idi. Həmin dövrdə Türkiyənin mövqeyini qiymətləndirərkən hadisələrin xronologiyası və beynəlxalq siyasi şərait nəzərə alınmalıdır.
Boraltan hadisəsi isə Türkiyə-Azərbaycan münasibətlərinin tarixi yaddaşında ağrılı mövzulardan biri olaraq qalır. Bu hadisə ilə bağlı tarixi müzakirələrə baxmayaraq, Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin yalnız keçmişdəki mübahisələr üzərindən formalaşmadığı da aydındır.
Bütün bunlara rəğmən, Azərbaycan Türkiyəyə qardaş deməkdən vaz keçməyib. Çünki dövlətlərarası münasibətlər yalnız keçmişdəki ziddiyyətlər üzərində qurulmur. Onları yaşadan həm də ortaq dəyərlər, qarşılıqlı dəstək və gələcəyə yönəlmiş strateji maraqlardır.
Ancaq qardaşlıq anlayışı qarşılıqlı hörmət tələb edir. Bir tərəfin digərinə münasibətdə daim güzəştə getməsi, öz qərarlarını izah etməyə məcbur qalması və kənardan verilən siyasi qiymətləndirmələri qəbul etməsi qardaşlığın mahiyyətinə uyğun deyil.
Türkiyə bizim üçün hər zaman Türkiyədir. Bəs Türkiyənin siyasi gündəmini müəyyən edən bəzi dairələrin yanaşması necə?
Mənim narahatlığım məhz buradan başlayır. Türkiyə xalqını, türk dövlətçiliyini və Azərbaycan-Türkiyə qardaşlığını Türkiyədəki ayrı-ayrı siyasi qrupların mövqeyi ilə eyniləşdirmək olmaz. Lakin dinin siyasi məqsədlər üçün istifadə edilməsi, tarixi imperiya düşüncəsinin müasir siyasi münasibətlərə daşınması və başqa dövlətlərin daxili məsələlərinə müdaxilə təsiri bağışlayan açıqlamalar ciddi suallar doğurur.
Bu baxımdan, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi xətti də tənqidi müzakirənin predmetidir.
AKP-nin siyasi kursunda dini amilin rolu, Osmanlı irsinə münasibət və Türkiyənin regional ambisiyaları uzun müddətdir müzakirə olunur. Mənim qənaətimə görə, dini dəyərlərin siyasi hakimiyyətin möhkəmləndirilməsi üçün vasitəyə çevrilməsi cəmiyyət üçün təhlükəli presedentlər yarada bilər.
Türkiyədə kürd məsələsi ətrafında aparılan müzakirələr, Abdullah Öcalanla bağlı siyasi təşəbbüslər və müxtəlif siyasi qüvvələrin mövqeləri də ölkənin daxili siyasi gündəminin mürəkkəbliyini göstərir. Bu prosesləri qiymətləndirərkən emosional şüarlardan daha çox konkret siyasi qərarlara və onların mümkün nəticələrinə diqqət yetirmək lazımdır.
İranın Türkiyədəki ideoloji və siyasi təsir imkanları məsələsi də ayrıca araşdırılmalı mövzudur. HÜDA PAR-ın mövqeyi, dini-siyasi təşkilatlarla əlaqələr və parlamentdəki təmsilçilik bu kontekstdə müzakirə oluna bilər. Bununla belə, hər hansı partiyanın birbaşa İranın göstərişləri ilə hərəkət etdiyini iddia etmək üçün konkret və etibarlı sübutlar tələb olunur.
Mənim üçün əsas problem dinin özü deyil. Problem dini dəyərlərin siyasi məqsədlər naminə istismar edilməsi, cəmiyyətin dini həssaslıqlarından istifadə olunması və bu yolla başqa dövlətlərin daxili işlərinə təsir göstərməyə çalışılmasıdır.
AKP-nin Osmanlı irsinə münasibəti də bu kontekstdə diqqət çəkir. Türkiyənin Osmanlı tarixini öz dövlətçilik yaddaşının bir hissəsi kimi qəbul etməsi təbiidir. Lakin tarixi irsə sahib çıxmaqla müasir dövləti keçmiş imperiyanın siyasi modeli əsasında qurmağa çalışmaq eyni şey deyil.
Qazi Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin əsas ideoloji istiqamətlərindən biri olan "Yurdda sülh, cahanda sülh" prinsipi dövlətlərarası münasibətlərdə sülhü və sabitliyi ön plana çəkirdi. Müasir Türkiyənin xarici siyasəti ilə bağlı müzakirələrdə də bu prinsipin əhəmiyyəti unudulmamalıdır.
Osmanlı irsinin öyrənilməsi və qorunması bir məsələdir, neosmanlıçı siyasi ambisiyaların başqa dövlətlərin suverenliyinə təsir göstərə biləcək şəkildə təqdim edilməsi isə tamam başqa məsələ.
Heç bir tarixi irs müasir dövrdə başqa xalqların və dövlətlərin siyasi iradəsinə hörmətsizliyin əsasına çevrilməməlidir.
Azərbaycanın mövqeyi də məhz bu nöqtədə aydındır: biz dostluğa və qardaşlığa sadiqik, amma diktə, təhdid və təzyiq dilini qəbul etmirik. Bu yanaşma Türkiyəyə qarşı deyil. Əksinə, sağlam və uzunömürlü Azərbaycan-Türkiyə münasibətlərinin qorunması üçün zəruridir.
Azərbaycan öz müstəqilliyini, suverenliyini və milli təhlükəsizliyini qorumaq gücündə olan dövlətdir. Ölkəmizin daxili və xarici siyasətini müəyyənləşdirmək hüququ yalnız Azərbaycan dövlətinə və xalqına məxsusdur. Başqa dövlətlərin siyasi dairələrinin bu məsələlərə dair mövqe bildirməsi mümkündür, lakin həmin mövqelər Azərbaycanın qərarlarını diktə etmək vasitəsinə çevrilməməlidir.
Bunu edən tərəfin kimliyinin də prinsipial baxımdan fərqi yoxdur. İstər uzaq ölkə olsun, istər qonşu, istərsə də qardaş dövlətin daxilindəki siyasi qüvvə - heç kim Azərbaycana öz siyasi iradəsini qəbul etdirmək hüququna malik deyil.
Biz Türkiyəyə münasibətdə AKP-nin siyasi ritorikasına bənzər şəkildə "filankəsin dostu bizim qardaşımız ola bilməz" yanaşmasını qəbul etmirik. Azərbaycan dövlətlərarası münasibətləri şəxsi simpatiyalar və siyasi düşərgələr üzərindən müəyyənləşdirmir. Lakin qardaşlıq adı altında ölkəmizin üzərində siyasi hakimiyyət qurulmasına da razı olmayacaq.
Azərbaycan Respublikası müstəqil dövlətdir. Öz yolunu, siyasətini və gələcəyini özü müəyyənləşdirir. Bu, müstəqilliyimizin ilk günündən belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq.
Azərbaycan xalqı onilliklər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək öz taleyini özü müəyyənləşdirmək hüququnu yenidən əldə edib. Biz bu müstəqilliyi bir imperiyanın təsirindən çıxıb başqa bir dövlətin siyasi ambisiyalarına tabe olmaq üçün qazanmadıq.

Rəsmi Bakının Azərbaycana yönələn təzyiq və müdaxilə cəhdlərinə münasibətini belə ümumiləşdirmək olar: öz siyasi ambisiyalarınızı başqa coğrafiyalarda həyata keçirməyə çalışın, Azərbaycanın dövlətçilik iradəsinə isə hörmət edin.
Məşhur mahnıda deyildiyi kimi: "Bu dövrdə kimsə sultan deyil..."

Nə Türkiyədə, nə Azərbaycanda, nə də başqa bir ölkədə heç kim özünü başqa dövlətlərin taleyini müəyyənləşdirən hökmdar hesab edə bilməz. Müasir dünyanın reallığı suveren dövlətlərin qarşılıqlı hörmətinə əsaslanır.
Azərbaycan Türkiyə ilə qardaşlığını qorumaq istəyir. Lakin bu qardaşlığın təməlində bərabərlik, qarşılıqlı hörmət və suverenliyə ehtiram dayanmalıdır. Çünki həqiqi qardaşlıq diktə etmək deyil, bir-birinin müstəqil qərarlarına hörmət göstərməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 152   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu

Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman

13.10.2026 295
.

Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz

Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün

10:55 120
.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

13.10.2026 257
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 104
.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

13.10.2026 405
.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 87
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri

"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad

12:12 30
.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

10:26 139
.

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd

13.10.2026 239
.