İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir".
Bunu BiG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib.
"İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi dəyərləndirməsi, eləcə də Cənubi Qafqazda sülh səylərinə dəstəyini ifadə etməsi ölkəmizin artan beynəlxalq rolunu bir daha gündəmə gətirir.
Mədəni irsin qorunması, islamofobiyaya qarşı mübarizə və sivilizasiyalararası dialoqun təşviqi də Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin İslam həmrəyliyi siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir. Azərbaycanın İslam dünyasında artan nüfuzu və möhkəmlənən mövqeyi möhtərəm prezidentin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və uzaqgörən siyasətin nəticələrindəndir. Tarixi, dini və mədəni bağlılıqlara əsaslanan münasibətlər dövlət başçımızın siyasi təşəbbüsləri, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan addımlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş strateji yanaşma nəticəsində yeni mərhələyə yüksəlib. Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş, birliyin, qarşılıqlı dəstəyin və ortaq maraqların müdafiəsinin fəal təşəbbüskarlarından biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin istiqamətlərindən biri İslam ölkələri arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsidir. Ölkə rəhbərimiz dəfələrlə vurğulayıb ki, İslam dünyasının qarşılaşdığı çağırışların aradan qaldırılması üçün həmrəylik, birlik və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Sözügedən prinsip Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi mövqedə və irəli sürdüyü təşəbbüslərdə öz əksini tapır.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz təşkilatın fəal üzvlərindən biri kimi İslam dövlətlərinin ortaq maraqlarının müdafiəsində, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasında, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ardıcıl mövqe nümayiş etdirir. Təşkilatın Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi qiymətləndirməsi, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməsi ölkəmizin haqlı mövqeyinə göstərilən beynəlxalq siyasi dəstəyin ifadəsidir. Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmiş, xalqımızın tarixi-mədəni irsi, dini abidələri və müqəddəs məkanları məqsədyönlü şəkildə dağıdılmış və təhqir olunmuşdur. İşğal dövründə məscidlərimizin dağıdılması, dini-mədəni abidələrimizin vandalizmə məruz qalması bütövlükdə İslam mədəni irsinin məruz qaldığı ağır itkilər idi.
Təəssüf ki, beynəlxalq ictimaiyyətin müəyyən dairələri bu vandalizm aktlarına uzun müddət adekvat münasibət bildirməmiş, beynəlxalq hüququn prinsiplərinin pozulmasına qarşı təsirli addımlar atmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Azərbaycan birgəyaşayış mədəniyyətinin uğurlu nümunələrindəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış Bakı Prosesi, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və digər beynəlxalq tədbirlər Azərbaycanın müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir. Adıçəkilən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, İslam dünyasının digər mədəniyyətlərlə konstruktiv dialoqunun inkişafına xidmət edir. İslamofobiyaya qarşı mübarizə Azərbaycanın beynəlxalq fəaliyyətinin prinsipial istiqamətlərindəndir.
Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının genişlənməsi mühüm iqtisadi və geosiyasi perspektivlər açır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, beynəlxalq tranzit imkanları və artan investisiya potensialı müsəlman dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın İslam dünyası ilə münasibətlərinə yeni strateji məzmun qazandırır. Bu baxımdan Azərbaycan həm İslam dünyası daxilində iqtisadi inteqrasiyanın güclənməsinə, həm də müsəlman ölkələri ilə Avropa və Asiya arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verən mühüm tərəfdaşdır.
Azərbaycanın İslam həmrəyliyinə əsaslanan siyasətinin mahiyyətində qarşılıqlı hörmət, bərabərhüquqluluq, sülh, humanizm və beynəlxalq əməkdaşlıq prinsipləri dayanır. Azərbaycan öz milli və dini dəyərlərini qorumaqla yanaşı, dünyəvi dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirir, müxtəlif mədəniyyətlər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verir. Dövlət rəhbərimizin liderliyi nəticəsində Azərbaycan İslam dünyasında ortaq maraqların müdafiəsinə, həmrəyliyin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verən nüfuzlu dövlət olaraq mövqeyini möhkəmləndirir. Ölkə başçımızın həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də digər beynəlxalq platformalarda siyasi çəkisinin artmasına geniş imkanlar yaradır. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət gələcəkdə də müsəlman dövlətləri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və mədəni-humanitar əlaqələrin genişlənməsinə mühüm töhfələr verəcək".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









