Başqasına təhsil dərsi keçməzdən əvvəl öz evinizə baxın
İran rəsmiləri Azərbaycan qızlarına təhsil almaq üçün qapılarını açdıqlarını bəyan edirlər. Guya Azərbaycanda hicablı qızlar təhsildən məhrum edilir, İran isə onları qəbul etməyə, oxutmağa, gələcəklərini qurmağa hazırdır. Özlərini elə aparırlar ki, sanki İranda bütün qadınlar ağ günə çıxıb, bütün qızlar azadlığa qovuşub, bütün problemlər həll olunub, indi də növbə Azərbaycanı xilas etməyə çatıb. Belə çıxır ki, İran qadınlarının bütün dərdləri bitib, Azərbaycan qızlarının dərdi isə Tehranın boynuna düşüb!
Bu nə cür qayğıdır, cənablar? Azərbaycan qızlarının təhsilindən ötrü bu qədər narahat olanlar, bəs öz ölkələrindəki qızların vəziyyətinə nə vaxt nəzər salacaqlar? Başqa ölkənin məktəbli qızlarına himayədarlıq etməyə girişməzdən əvvəl öz ölkənizdə qadınların hansı məhdudiyyətlərlə üzləşdiyinə, onların geyiminə dövlətin necə müdaxilə etdiyinə bir baxın. İllərdir qadınların geyimi və şəxsi seçimləri ətrafında mübahisələrin yaşandığı bir ölkənin rəsmiləri indi Azərbaycana gəlib qızlarımızın hüquqlarının müdafiəçisi roluna girirlər. Bu ziddiyyəti görməmək mümkün deyil.
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simaei-Sərəf Azərbaycan qızlarını İran universitetlərində təhsil almağa dəvət edib. Ardınca birinci vitse-prezident Məhəmməd Rza Aref təşəbbüsün məktəblilərə də şamil olunmasını təklif edib. Görünür, Azərbaycan qızlarının hicab məsələsi İran rəsmilərinin yadına elə bir vaxtda düşüb ki, bu mövzudan siyasi təbliğat vasitəsi kimi istifadə etmək fürsəti yaranıb.
Ancaq İran rəsmiləri bir həqiqəti unudurlar: Azərbaycan müstəqil dövlətdir, öz təhsil siyasəti, qanunları və dövlətçilik ənənələri var. Azərbaycan qızlarının gələcəyi barədə qərarları Tehrandakı kabinetlərdə oturan məmurlar vermirlər. Bizim uşaqlarımızın təhsili də, onların hüquqları da başqa dövlətin siyasi bəyanatlarının mövzusu deyil. İranın Azərbaycan qızlarına təhsil təklif etməsi həmin qızların taleyi üzərində ona hər hansı söz haqqı qazandırmır.
Məsələnin ən ağrılı tərəfi isə budur ki, Azərbaycan qızlarının təhsili barədə danışan İran rəsmiləri öz ölkələrində yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı suallara eyni həvəslə cavab vermirlər. İranın Elm və Təhsil Nazirliyinin deyil, Azərbaycanın Elm və Təhsil Nazirliyinin oktyabrın 26-da yaydığı açıqlamada İranda Azərbaycan dilində təhsil verən məktəblərin olmadığı, ali təhsil sistemində də bu dildə tədrisin təmin edilmədiyi bildirilib. Nazirliyin açıqlamasında İranda təxminən 40 milyon etnik azərbaycanlının yaşadığı qeyd olunur.
İndi gəlin, məsələni sadə dillə qoyaq: İranda milyonlarla azərbaycanlı yaşayırsa, onların övladları niyə öz ana dillərində məktəb təhsili almaq imkanından məhrum olmalıdırlar? Azərbaycan dilində danışan, bu dildə düşünən, bu dildə layla eşidən uşaqların öz ana dillərində təhsil almaq istəyi niyə İran rəsmilərinin diqqətindən kənarda qalır? Siz Azərbaycandakı qızların təhsili barədə bu qədər narahat olursunuzsa, Təbrizdə, Ərdəbildə, Urmiyada və başqa azərbaycanlı şəhərlərində yaşayan uşaqların ana dili məsələsinə niyə eyni həssaslıqla yanaşmırsınız?
Yoxsa sizin üçün təhsil hüququ yalnız siyasi məqsədlərinizə uyğun gələndə yada düşür? Yoxsa azərbaycanlı uşağın ana dilində təhsil almaq arzusu sizin üçün Azərbaycan qızının hicab məsələsindən daha az əhəmiyyətlidir? Əgər belə deyilsə, onda bu suallara aydın cavab verin!
İran rəsmiləri bilməlidirlər ki, ana dili məsələsi adi bir dərs cədvəli və ya məktəb proqramı problemi deyil. Ana dili xalqın yaddaşıdır, kimliyidir, tarixidir. Uşağa öz dilində oxumaq və yazmaq imkanı verməmək həmin dilin gələcək nəsillərə ötürülməsini çətinləşdirir. Azərbaycanlıların öz ana dilində təhsil arzusu heç kimin lütfü deyil, onların mədəni və dil hüquqları ilə bağlı tələbidir.
İran rəsmilərinin Azərbaycan qızlarına qayğısı səmimidirsə, buyursunlar, əvvəlcə təhsil hüququna münasibətdə ikili standartların olmadığını göstərsinlər. Öz ölkələrindəki azərbaycanlı uşaqların ana dilində təhsil imkanları barədə konkret addımlar atsınlar. Azərbaycan qızlarına universitet qapılarını açmaqdan danışmaq asandır. Bəs milyonlarla azərbaycanlı uşağın öz ana dilində təhsil alması üçün hansı qapıları açmısınız?
Bir məsələni də aydınlaşdıraq. Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydaların müzakirəsi Azərbaycanın öz daxili məsələsidir. Həmin qaydaların uşaqların təhsil hüququna təsiri barədə suallar varsa, onlar açıq şəkildə müzakirə edilməli və aydın cavablandırılmalıdır. Ancaq bundan istifadə edərək İranın özünü Azərbaycan qızlarının xilaskarı kimi təqdim etməsi qəbul edilə bilməz. Azərbaycan cəmiyyətinin öz problemlərini müzakirə etmək üçün nə Tehranın icazəsinə, nə də onun himayəsinə ehtiyacı var.
İranın təhsil təklifinin arxasında hansı siyasi hesabların dayandığını qaydındır və belə bəyanatların yaratdığı ziddiyyət göz qabağındadır: bir tərəfdən başqa ölkənin qızlarının təhsilindən danışılır, digər tərəfdən İranda yaşayan azərbaycanlıların ana dilində təhsil məsələsi açıq qalır. Məhz buna görə İran rəsmilərinin sözləri konkret suallarla yoxlanmalıdır. Siyasi şüarlar deyil, real hüquqlar və real imkanlar əsas götürülməlidir.
Cənab İran rəsmiləri, Azərbaycan qızlarına ağ gün vəd etməzdən əvvəl öz ölkənizdəki qadınların və qızların vəziyyətinə baxın! Onlara yalnız hansı geyimi seçməli olduqlarını deyil, öz həyatları barədə necə qərar verə biləcəklərini də düşünün. Sonra isə İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil hüququ barədə verilən suallara cavab verin. Başqa ölkənin övladlarına sahib çıxmaq iddiası ilə çıxış etməkdən əvvəl öz ölkənizdəki soydaşlarınızın hüquqlarına münasibətinizi göstərin.
Azərbaycan qızları İranın siyasi təbliğatına mövzu olmaq üçün yaşamırlar. Onlar bu ölkənin vətəndaşlarıdır, gələcəyin müəllimləri, alimləri, həkimləri, mühəndisləri və ziyalılarıdır. Onların təhsil hüququ da, gələcəyi də siyasi nümayişlərdən qat-qat vacibdir. Bu məsələni həll etmək Azərbaycanın öz vəzifəsidir.
İran rəsmilərinə son sözümüz budur: Azərbaycan qızlarına göstərdiyiniz qayğını əvvəlcə İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil hüququna münasibətinizlə sübut edin. Sözlə himayədarlıq etmək asandır, əsas məsələ öz evində ədaləti təmin etməkdir.Azərbaycan xalqı nə öz qızlarının gələcəyini müəyyənləşdirmək üçün Tehrandan məsləhət gözləyir, nə də öz hüquqlarını müdafiə etmək üçün kənardan himayədar axtarır.
Şəmsi QOCA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










