Erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?
Azərbaycanda erkən evliliklərlə mübarizə son illər gücləndirilib. Qanunvericiliyə mühüm dəyişikliklər edilib. Nikah yaşı 18 müəyyənləşdirilib, yetkinlik yaşına çatmayanların evliliyə cəlb edilməsinə görə məsuliyyət sərtləşdirilib, dövlət qurumları və vətəndaş cəmiyyəti preventiv tədbirləri genişləndirib. Buna baxmayaraq, problem tam olaraq aradan qalxmayıb.
Axar.az Elçi.az-a istinadla xəbər verir ki, rəsmi statistika 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayında ciddi azalma olduğunu göstərir. 2011-ci ildə bu rəqəm 4392 idisə, 2024-cü ildə 1279-a, 2025-ci ildə isə 877-yə düşüb. 2025-ci ilin məlumatlarına görə, 877 uşağın 308-i şəhər yerlərində, 569-u kənd yerlərində doğulub. Deməli, 18 yaşadək anaların dünyaya gətirdiyi uşaqların təxminən 65 faizi kənd yerlərinin payına düşür. Xüsusilə kənd yerlərində göstəricilər, qızların təhsildən yayınması, ailə təzyiqi və gizli qalan hallar erkən nikah probleminin hələ də aktual olduğunu göstərir. Bu araşdırmada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, rəsmi statistika, hüquqi mexanizmlər, sosioloji araşdırmalar və ekspert fikirləri əsasında erkən evlilik probleminin səbəbləri və mümkün həll yolları araşdırılır.
Qanun nə deyir?
Azərbaycan qanunvericiliyində nikah yaşı 18 müəyyən edilib. Bu tələb həm qadınlar, həm də kişilər üçün eynidir. Əvvəllər Ailə Məcəlləsinin 10.2-ci maddəsi üzrlü səbəblər olduqda nikah yaşının bir il azaldılmasına, yəni müəyyən hallarda 17 yaşda nikaha icazə verirdi. Bu imkan erkən nikahlarla mübarizə baxımından hüquqi müzakirələrin əsas mövzularından biri idi. Lakin 28 iyun 2024-cü il tarixli 1198-VIQD nömrəli Qanunla Ailə Məcəlləsinin həmin maddəsi ləğv edildi. Dəyişiklik 23 iyul 2024-cü ildən qüvvəyə mindi. Bununla da nikah yaşının 17-yə endirilməsinə imkan verən istisna mexanizmi aradan qaldırıldı. Beləliklə, hazırda nikah yaşının azaldılmasına imkan verən istisna mövcud deyil və rəsmi nikah üçün minimum yaş 18-dir. Bu, erkən evliliklərlə mübarizədə mühüm hüquqi addım hesab olunur. Qanun yalnız nikah yaşını müəyyən etməklə kifayətlənmir. Yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə və ya nikaha məcbur edilməsi də hüquqi məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən edir. Yetkinlik yaşına çatmayan şəxsin nikaha məcbur edilməsi halında məsuliyyət daha da ağırlaşır və dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. 2024-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklərlə erkən evliliklərlə bağlı inzibati və cinayət məsuliyyəti mexanizmləri də sərtləşdirilib. Bu baxımdan məsuliyyət yalnız nikaha daxil olan şəxslə məhdudlaşmır. Erkən evliliyin təşkilində və ya həyata keçirilməsində iştirak edən digər şəxslərin - müəyyən hallarda valideynlərin, yetkin şəxsin, toy mərasimini təşkil edən obyekt rəhbərlərinin və dini kəbin kəsən şəxslərin də məsuliyyəti gündəmə gələ bilər. Qanunvericilik baxımından dini kəbin dövlət qeydiyyatına alınmış nikah hesab edilmir. Bu, xüsusilə yetkinlik yaşına çatmayanlarla bağlı hallarda ciddi hüquqi risk yaradır. Çünki rəsmi nikah olmadıqda tərəflərin, xüsusilə qadının və uşağın əmlak, aliment və digər hüquqlarının müdafiəsi daha mürəkkəb vəziyyətə düşə bilər.
DİN: "Erkən nikaha şərait yaradanlar da məsuliyyət daşıyır"
Daxili İşlər Nazirliyinin rəsmisi Lumu İsrəfillinin vurğuladığı kimi, erkən evlilik halları aşkarlandıqda polis əməkdaşları tərəfindən qanuna uyğun olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində onun və evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri, onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, evliliyə daxil olmaq niyyətində olan yetkin şəxs, həmçinin mərasimlərin keçirildiyi ictimai-iaşə obyektlərinin, şadlıq saraylarının rəhbərliyi və kəbin kəsən din xadimləri inzibati və hüquqi məsuliyyətə cəlb olunurlar. Yetkinlik yaşına çatmayan şəxs 16 yaşdan aşağı yaş həddində olduqda isə bu birbaşa cinayət tərkibi yaradır və məcbur edən tərəflər cinayət məsuliyyətinə cəlb edilirlər. Bu səbəbdən erkən nikahla mübarizədə əsas məsələ yalnız toy mərasiminin və ya rəsmi nikahın qarşısını almaq deyil, yetkinlik yaşına çatmayan şəxsin faktiki olaraq ailə münasibətinə cəlb edilməsinin də qarşısını almaqdır.
Ramil Süleymanov: "Şikayət mexanizmi erkən nikahların gizli qalmasına səbəb ola bilər"
Bununla yanaşı, Cinayət Məcəlləsinin 176-1 maddəsinin tətbiqində zərərçəkənlərin şikayət etmə prosedurundakı incəliklər latentlik riskini artırır. Hüquqşünas Ramil Süleymanovun bildirdiyi kimi, tərəflər arasında cinsi aktın və ya faktiki evlilik münasibətlərinin baş verməsindən sonra hər hansı bir şikayətin olacağı təqdirdə, adətən bu qəbildən olan cinayətlər faktiki olaraq şəxslərin rəsmi şikayəti əsasında araşdırılmağa başlanılır. Bu hüquqi reallıq zərərçəkən şəxsin - xüsusilə ailə, valideyn və icma təzyiqi altında olan yetkinlik yaşına çatmayan qızın - rəsmi şikayət etmədiyi təqdirdə cinayət işinin başlanmasını və araşdırılmasını son dərəcə mürəkkəbləşdirir. Zərərçəkənlərin öz valideynlərindən və ya yaxın qohumlarından şikayətçi olmaqdan çəkindikləri nəzərə alınarsa, problemin qeyri-rəsmi müstəvidə gizli qalması təhlükəsi yaranır.
Sosioloq Üzeyir Şəfiyev: "Qanun sərtləşib, amma düşüncə də dəyişməlidir"
Sosioloq Üzeyir Şəfiyev hesab edir ki, Azərbaycanda erkən nikahların azalmasında qanunvericiliyin sərtləşdirilməsi mühüm rol oynayıb. Xüsusilə, nikah yaşının 18 müəyyən edilməsi və əvvəllər mövcud olan 17 yaş istisnasının ləğvi bu istiqamətdə ciddi addımlardır. Ü.Şəfiyevin fikrincə, erkən nikah probleminin səbəbləri yalnız hüquqi deyil, həm də sosial, iqtisadi və mədəni xarakter daşıyır. Xüsusilə bəzi bölgələrdə qızların erkən yaşda evləndirilməsini normal hesab edən yanaşmalar, "qızın yaşı keçir" düşüncəsi və patriarxal stereotiplər hələ də təsirini saxlayır. Sosioloq erkən nikahların qarşısının alınmasında qızların təhsilinin davam etdirilməsini əsas vasitələrdən biri hesab edir. Onun fikrincə, təhsildən uzaqlaşan və iqtisadi baxımdan ailəsindən asılı vəziyyətə düşən qızların erkən nikaha cəlb olunması riski artır. Şəfiyev hesab edir ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, xüsusilə kənd yerlərində maarifləndirmə işləri gücləndirilməli, valideynlərlə sistemli iş aparılmalıdır. Yəni qanun erkən nikahın qarşısını almaq üçün vacib şərtdir, amma problemin kökündən həlli üçün cəmiyyətin yanaşması da dəyişməlidir.
Erkən evlilik yalnız toy mərasimi deyil
Mütəxəssislərin fikrincə, erkən evlilik problemini yalnız "qızın erkən ərə verilməsi" kimi təqdim etmək məsələnin mahiyyətini daraldır. Əslində bu, bir-biri ilə bağlı sosial, hüquqi, iqtisadi və psixoloji problemlər zənciridir. Nikah və ya toy çox vaxt prosesin görünən tərəfidir, problemin əsas hissəsi isə ondan əvvəl və sonra baş verir. Erkən evlilik qərarı çox zaman yeniyetmənin sərbəst seçimi ilə deyil, ailənin gözləntiləri, sosial təzyiq, maddi çətinliklərlə formalaşır. Nəticədə qızın təhsili yarımçıq qalır, əmək bazarına çıxmaq və öz gəlirini əldə etmək imkanları azalır, o, həyat yoldaşından və ailəsindən iqtisadi cəhətdən asılı vəziyyətə düşür.
Erkən evlilik eyni zamanda sağlamlıq və psixoloji riskləri də artırır. Yeniyetmə yaşında hamiləlik, ailə məsuliyyətinə hazır olmamaq, təhsildən və sosial mühitdən uzaqlaşma, təzyiq və zorakılıq gənc qızın həyatına uzunmüddətli təsir göstərə bilər. Bu baxımdan erkən evlilik bir hadisə deyil, nəticələri illərlə davam edə bilən sosial risklər zənciridir.
Rəqəmlər nə deyir? Erkən doğuşlarda böyük azalma var
Erkən evlilik probleminin dinamikasını göstərən ən mühüm indikatorlardan biri 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 1990-cı ildə 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayı 151 olub. 1995-ci ildə bu rəqəm 2198-ə, 2000-ci ildə 1864-ə, 2005-ci ildə isə 2743-ə yüksəlib. 2010-cu ildə artıq 4103, 2011-ci ildə isə rekord həddə - 4392 uşağa çatıb. Həmin il bu doğuşlar ölkədəki bütün doğuşların 2,5 faizini təşkil edib. Sonrakı illərdə isə azalma tendensiyası başlayıb: 2015-ci ildə 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayı 2895, 2020 -ci ildə 1917, 2021 - ci ildə 1650, 2022-ci ildə 2011, 2023 - cü ildə 1742, 2024 - cü ildə 1279 olub. Yəni 2011-ci ildəki 4392 göstəricisindən 2024-cü ildəki 1279-a qədər təxminən 71 faiz azalma baş verib. 2025-ci ildə isə göstərici daha da aşağı düşərək 877-yə enib. Bu, mübarizənin müəyyən nəticə verdiyini göstərən mühüm statistik siqnaldır. Amma rəqəmlərin regional bölgüsü problemin tam bitmədiyini göstərir.
Şəhər və kənd arasında fərq: əsas risk haradadır?
2024-cü ilin statistikası xüsusilə diqqətçəkəndir. 15-17 yaşlı anaların dünyaya gətirdiyi 1279 uşağın 401-i şəhər yerlərində, 878-i isə kənd yerlərində doğulub. Beləliklə, 18 yaşdan aşağı anaların dünyaya gətirdiyi uşaqların 68,6 faizi kənd yerlərinin payına düşüb. Üstəlik, təkcə say deyil, doğuşların ümumi doğuşlardakı payı da fərqlidir: şəhərlərdə 15-17 yaşlı anaların doğuşları şəhər üzrə bütün doğuşların 0,8 faizini, kəndlərdə isə 1,7 faizini təşkil edib. Fərq 18-19 yaş qrupunda da özünü göstərir. 2024-cü ildə bu yaş qrupunda kənd yerlərində 6148, şəhərlərdə isə 2598 doğuş qeydə alınıb. Kəndlərdə bu doğuşların ümumi doğuşlardakı payı 11,6 faiz, şəhərlərdə isə 5,3 faiz olub. Bu rəqəmlər bir mesaj verir: erkən evliliklərlə mübarizənin növbəti mərhələsi xüsusilə kənd yerlərinə fokuslanmalıdır.
Kəmalə Ağazadə: "Evə qayıtmaqdan qorxurdu" - erkən nikahın görünməyən üzü
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, erkən evliliklərin qarşısının alınmasında yalnız qanunların mövcudluğu kifayət deyil. O, xüsusilə bölgələrdə profilaktik işlərin gücləndirilməsinin vacibliyini vurğulayır. Onun açıqlamalarında erkən evliliklə yanaşı, erkən nişan və "adqoyma" kimi halların da risk yaratdığı qeyd olunur. K.Ağazadənin təqdim etdiyi real həyat hekayəsi problemin icra mexanizmləri və zərərçəkənlərin psixoloji vəziyyəti baxımından acı gerçəkliyi nümayiş etdirir. 18 yaşı tamam olmayan bir qız toyunun olacağını, lakin bu evliliyi qətiyyən istəmədiyini bildirərək kömək xahiş etmişdi. Təşkilat əməkdaşları onu İcra Hakimiyyətinə və hüquq-mühafizə orqanlarına müraciət etməyə yönləndirsələr də, həmin qız ertəsi gün səhər saatlarında birbaşa sığınacağa gəlmişdi. Şəxs zamanının olmadığını, dövlət qurumlarına gedəcəyi təqdirdə hər hansı səbəbdən evə geri qaytarılma və həyatının qaralma qorxusunu dilə gətirmişdi. Bu real fakt göstərir ki, erkən evlilik təhlükəsi ilə üz-üzə qalan gənclər rəsmi strukturlara yönləndirildikdə belə, zaman itkisi və ya ailə mühitinə qaytarılma riski səbəbindən sığınacaqlara pənah gətirməyi yeganə xilasedici yol kimi görürlər. Bu da preventiv mexanizmlərin yalnız nəzəri müstəvidə deyil, zərərçəkənin təhlükəsizliyini anında təmin edəcək çeviklikdə fəaliyyət göstərməsinin həyati vacibliyini təsdiqləyir.
AQUPDK: "Müraciət vaxtında olarsa, erkən nikahın qarşısını almaq mümkündür"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) açıqladığı göstəricilər erkən nikahların qarşısının alınmasında operativ müdaxilənin əhəmiyyətini göstərir. 2025-ci il ərzində Komitəyə erkən evliliklə bağlı 60 müraciət daxil olub və 41 halın qarşısı alınıb. Bu, müraciətlərin 68,3 faizinin nəticə ilə yekunlaşması deməkdir. 2026-cı ilin ilk 8 ayında isə 15 müraciətdən 12-si üzrə erkən evliliyin qarşısı alınıb və nəticə göstəricisi 80 faizə yüksəlib. Bu rəqəmlər göstərir ki, erkən nikah təhlükəsi barədə məlumat dövlət qurumlarına vaxtında çatdırıldıqda müdaxilə etmək mümkündür. Lakin burada əsas problem məlumatlandırılmayan və gizli qalan hallardır. Ailə təzyiqi, qorxu, sosial qınaq və uşağın hara müraciət edəcəyini bilməməsi belə halların üzə çıxmasını çətinləşdirə bilər. Bu baxımdan erkən nikahla mübarizədə yalnız müraciət daxil olduqdan sonra tədbir görülməsi kifayət etmir. Məktəblər, sosial xidmətlər, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları və yerli qurumlar arasında daha çevik məlumat mübadiləsi vacibdir. Xüsusilə təhsildən qəfil uzaqlaşan, davamiyyəti kəskin pisləşən və ya ailəsi tərəfindən evliliyə hazırlaşdırıldığı müşahidə olunan yeniyetmələrə xüsusi diqqət göstərilməsi erkən müdaxilə imkanlarını artıra bilər.
Burada bir başqa vacib məsələ də uşağın təhlükəsizliyidir. Bəzən yeniyetmə kömək istəsə də, ailəsinə geri qaytarılmaqdan qorxduğu üçün rəsmi quruma müraciət etməkdən çəkinə bilər. Ona görə də müdaxilə mexanizmi yalnız hüquqi proseduru başlatmaqla məhdudlaşmamalı, uşağın təhlükəsiz yerləşdirilməsi, psixoloji dəstəyi və sonrakı müdafiəsini də əhatə etməlidir.
Erkən nikahın ağır nəticələri: itirilən təhsil, sağlamlıq və gələcək
Tədqiqat və ekspert qiymətləndirmələri göstərir ki, erkən evlilik cəmiyyətdə 4 əsas istiqamətdə ağır fəsadlara yol açır: təhsil sahəsində məktəbdən yayınmaya və ixtisasın olmamasına; səhiyyə və fizioloji baxımdan riskli hamiləlik, ana və uşaq ölümü riskinin artmasına; sosial və psixoloji tərəfdən depressiya, təcrid və ailəiçi zorakılığa; hüquqi və iqtisadi müstəvidə isə rəsmi hüquqsuzluğa və tam maliyyə asılılığına gətirib çıxarır. Erkən evliliyə məcbur edilən qızların mütləq əksəriyyəti 9-cu və ya 11-ci sinifdən sonra təhsildən uzaqlaşdırılır. Təhsildən yayınma qadının gələcəkdə əmək bazarına inteqrasiyasını imkansız edir, onu ixtisassız, aşağı ödənişli işlərə və ya tam evdəşləşməyə məhkum edir ki, bu da insan kapitalının inkişafına ağır zərbə vurur.
Fizioloji baxımdan tam formalaşmamış orqanizmin vaxtından əvvəl hamiləliyə və doğuşa məruz qalması ağır tibbi nəticələr doğurur. Erkən yaşda hamiləlik zamanı ana və körpə ölümü riski 20-24 yaşlı qadınlarla müqayisədə 2-5 dəfə yüksəkdir. Reproduktiv orqanların zədələnməsi, patoloji doğuşlar, vaxtından əvvəl dünyaya gələn zəif körpələr və anemiya erkən evliliklərin birbaşa tibbi fəsadlarıdır. Psixoloji yetkinliyə çatmamış yeniyetmənin ailə idarəçiliyi və analıq məsuliyyəti ilə üz-üzə qalması ağır travmalara yol açır. Öz yaşıdları təhsil alarkən təcrid olunan yeniyetmə qadınlarda şiddətli nevroz və özünəqapanma halları müşahidə olunur.
Mehriban Zeynalova: "Erkən nikahın ağır nəticələri nəsildən-nəslə ötürülə bilər"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yanaşmasına görə, erkən nikahın nəticələrini yalnız nikah yaşına çatmayan qızın həyatı ilə məhdudlaşdırmaq olmaz. Bu addım onun təhsilinə, sağlamlığına, psixoloji vəziyyətinə və gələcək iqtisadi imkanlarına təsir etməklə yanaşı, dünyaya gətirdiyi uşaqların həyatına da təsir göstərə bilər. Erkən nikah nəticəsində qızın təhsili yarımçıq qalırsa, onun peşə əldə etmək və əmək bazarına çıxmaq imkanları azalır. Bu isə iqtisadi asılılığı artırır. İqtisadi cəhətdən asılı olan qadının ailə daxilində zorakılıq və digər problemlərlə üzləşdiyi zaman müstəqil qərar verməsi və münasibətdən çıxması da daha çətin ola bilər. Zeynalovanın diqqət çəkdiyi digər məqam psixoloji fəsadlardır. Yeniyetmə yaşında ailə qurmaq, analıq məsuliyyəti daşımaq və öz yaşıdlarından təcrid olunmaq uşağın psixoloji hazırlığından daha ağır bir yük yarada bilər. Sığınacaqlara müraciət edən belə qızların sonradan yalnız təhlükəsizliyinin təmin edilməsi deyil, həm də psixoloji reabilitasiyası, təhsilinin bərpası və cəmiyyətə reinteqrasiyası tələb olunur. Bu səbəbdən erkən nikahla mübarizənin nəticəsi yalnız "bir evliliyin qarşısı alındı" göstəricisi ilə ölçülməməlidir. Əsas sual bundan sonra gəlir: həmin qız məktəbə qayıda bildimi, təhlükəsiz mühitə keçə bildimi, psixoloji dəstək aldımı və gələcəyini özü qurmaq üçün imkan qazandımı?
Beynəlxalq öhdəliklər
Azərbaycan uşaq və qadın hüquqlarının qorunmasına dair əsas beynəlxalq sənədlərə qoşulub. BMT-nin Uşaq Hüquqları Konvensiyası 18 yaşadək şəxsləri uşaq kimi tanıyır və onları zorakılıqdan, istismardan və erkən nikahdan qorumağı dövlətlərin öhdəliyi kimi müəyyən edir. CEDAW və nikah məsələlərinə dair beynəlxalq sənədlər isə nikahın yalnız tərəflərin sərbəst və tam razılığı ilə bağlanmasını tələb edir. Bununla belə, uzun müddət Azərbaycan qanunvericiliyində "erkən evlilik" anlayışının vahid hüquqi tərifi tam aydın olmayıb. Bu anlayış müxtəlif normativ aktlarda fərqli formada əksini tapıb. Nazirlər Kabinetinin 2020-ci il tarixli qərarında isə erkən evlilik 18 yaşadək şəxslə bağlanan nikah və ya faktiki ailə münasibəti kimi müəyyən edilir. Bu yanaşma problemin yalnız rəsmi nikahla məhdudlaşmadığını göstərir.
Sorğu nə deyir? Cəmiyyət erkən nikaha necə baxır?
1274 respondent və 20 ekspertin iştirakı ilə aparılan tədqiqat erkən nikahla bağlı cəmiyyətdə həm müsbət tendensiyaları, həm də ciddi məlumat boşluqlarını ortaya qoyub. Respondentlərin 94,4%-i rəsmi nikahı, 92,8%-i isə qızların təhsil almasını vacib hesab edir. Qadınlar arasında bu göstəricilər daha yüksəkdir - müvafiq olaraq 96,1% və 96,6%. Bununla belə, erkən nikahın özü barədə məlumatlılıq eyni səviyyədə deyil. Respondentlərin 66,6%-i bu anlayış haqqında eşitdiyini, yalnız 24,2%-i isə onun dəqiq hüquqi tərifini bildiyini deyib. Daha diqqətçəkən məqam odur ki, erkən nikahı ciddi sosial problem hesab edənlərin payı 47,2%, bunu yalnız ayrı-ayrı hallarda baş verən lokal məsələ sayanların payı isə 46,2% olub. Qadınlar arasında problemi ciddi hesab edənlərin göstəricisi 52%, kişilərdə isə 36,3% təşkil edib.
Təhsil artdıqca münasibət də dəyişir
Sorğuda qızların təhsilini dəstəkləyənlərin payı ali təhsilli respondentlər arasında 99%-ə çatıb. Bu nəticə təhsilin erkən nikahla bağlı sosial baxışların formalaşmasında mühüm rol oynadığını göstərir. Ailə qurmuş respondentlərin orta nikah yaşı 22,93 olub. Kişilərdə bu göstərici 25,97, qadınlarda 21,75-dir. Boşanmış respondentlərin orta nikah yaşı 21,89, hazırda evli olanların isə 23,17 olub. Bu fərq erkən yaşda qurulan ailələrin dayanıqlılığı ilə bağlı əlavə suallar yaradır, lakin təkcə bu sorğu nəticəsi səbəb-nəticə əlaqəsini sübut etmir. Respondentlərin 33,5%-nin işsiz və ya evdar olması da qadınların iqtisadi müstəqilliyi məsələsini önə çıxarır. Çünki təhsil və məşğulluq imkanlarının məhdudluğu qadının ailədən iqtisadi asılılığını artıra bilər.
Gənclər məlumatı əsasən internetdən alır
Erkən nikah haqqında məlumatlı olan respondentlərin əsas informasiya mənbəyi sosial şəbəkələr və internetdir - 41,8%. Dostlar, tanışlar və qohumlar 37,6%, televiziya 33,8%, ənənəvi media 31,2%, maarifləndirici təlimlər və QHT layihələri isə 12,4% təşkil edib. Bu rəqəmlər göstərir ki, maarifləndirmə yalnız ənənəvi üsullarla aparılmamalıdır. Sosial media, məktəblər və ailələrlə birbaşa iş erkən nikahın hüquqi və sosial risklərinin izahında daha fəal istifadə olunmalıdır. Sorğunun əsas mesajı isə budur: cəmiyyət rəsmi nikahı və qızların təhsilini böyük ölçüdə dəstəkləsə də, erkən nikahın mahiyyəti və onun yaratdığı risklər barədə biliklər hələ kifayət qədər dərin deyil.
Erkən evlilik xəritəsi: risk hansı regionlarda daha yüksəkdir?
Erkən evlilik Azərbaycanda bütün bölgələrdə eyni miqyasda görünmür. Araşdırmanın regionlar üzrə nəticələri problemin coğrafiyasında ciddi fərqlərin olduğunu ortaya qoyur. Respondentlərdən son beş ildə yaşadıqları ərazidə və ya yaxın çevrələrində erkən evləndirmə cəhdlərinin şahidi olub-olmadıqları soruşulub. Cavablar göstərir ki, bəzi bölgələrdə bu məsələ artıq ayrı-ayrı hadisə deyil, cəmiyyətin əhəmiyyətli hissəsinin qarşılaşdığı bir problem kimi görünür. Ən yüksək göstərici Mərkəzi Aranda qeydə alınıb - 44,8 faiz. Başqa sözlə, bu regionda sorğuda iştirak edənlərin demək olar ki, hər iki nəfərindən biri son beş ildə erkən evləndirmə cəhdi ilə qarşılaşdığını bildirib. Mil-Muğanda bu göstərici 43,1 faiz, Lənkəran-Astarada isə 41,8 faizdir. Yəni hər üç regionda respondentlərin 40 faizindən çoxu belə halların şahidi olduğunu deyir. Şirvan-Salyanda da vəziyyət diqqət çəkir - respondentlərin 37,3 faizi son beş ildə erkən evləndirmə cəhdi ilə qarşılaşdığını bildirib. (Mənbə: AQUPDK-nin sifarişi ilə hazırlanan 2025-ci ildə hazırlanan "Erkən evliliyin inzibati ərazi bölgüsü üzrə risk xəritəsinin formalaşdırılmasına dair təhlil")
Təkliflər: erkən nikahla mübarizə necə gücləndirilməlidir?
Araşdırmanın nəticələri göstərir ki, erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin sərtləşdirilməsi ilə mümkün deyil. Hüquqi tədbirlər təhsil, sosial müdafiə, səhiyyə, psixoloji dəstək və maarifləndirmə mexanizmləri ilə tamamlanmalıdır. Əsas məqsəd isə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, nikah riskini əvvəlcədən müəyyənləşdirərək uşağı qorumaq olmalıdır. İlk növbədə, yetkinlik yaşına çatmayan şəxsin nikaha və ya faktiki ailə münasibətlərinə cəlb edilməsi barədə məlumat daxil olduqda operativ müdaxilə mexanizmləri gücləndirilməlidir. Hüquq-mühafizə orqanlarının fəaliyyəti yalnız zərərçəkənin şikayətindən asılı vəziyyətdə qalmamalı, qanunvericiliyin imkan verdiyi hallarda risk və hüquq pozuntusu barədə məlumat əsasında araşdırma və müdafiə tədbirləri həyata keçirilməlidir. Bu xüsusilə vacibdir, çünki erkən nikah təhlükəsi ilə üzləşən qızların bir hissəsi məhz ailə və yaxınları tərəfindən təzyiq gördüyündən şikayət etməkdən çəkinə bilər.
Məsuliyyət mexanizmləri də ardıcıl tətbiq olunmalıdır. Yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur edən valideyn və digər şəxslərlə yanaşı, qanunvericiliyin nəzərdə tutduğu hallarda rəsmi nikah olmadan dini kəbin mərasimində iştirak edən və erkən nikahın təşkilinə şərait yaradan şəxslərin məsuliyyəti təmin edilməlidir. Eyni zamanda, qanunvericilikdə "erkən evlilik" anlayışının daha dəqiq və vahid şəkildə müəyyənləşdirilməsi hüquq tətbiqində yarana biləcək qeyri-müəyyənliklərin qarşısını ala bilər.
Digər mühüm istiqamət məktəbdən yayınmanın erkən nikah üçün risk siqnalı kimi qiymətləndirilməsidir. İnstitusional monitorinq çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən 9-cu və 11-ci siniflərdə dərsdən yayınan, xüsusilə kənd yerlərindəki qız şagirdlərin vahid elektron bazası yaradılmalı, davamiyyətsizlik faktı aşkar edildikdə dərhal yerli icra hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyalarına, polis orqanlarına məlumat verilməlidir. Tibb müəssisələrinə hamiləlik və ya digər səbəblərlə müraciət edən 18 yaşdan kiçik şəxslər haqqında hüquq-mühafizə orqanlarına məcburi bildiriş sisteminin işləkliyi 100%-ə çatdırılmalıdır. Yerli komissiyaların kadr potensialı artırılmalı, tərkibinə psixoloqlar və sosial işçilər daxil edilməlidir. Maarifləndirmə tədbirləri xüsusilə kənd yerlərində, kişilər və valideynlər arasında aparılmalıdır. Bu məqsədlə məktəblər, sosial xidmətlər, yerli komissiyalar və hüquq-mühafizə orqanları arasında effektiv məlumat mübadiləsi sistemi qurula bilər.
Xüsusilə kənd yerlərində qızların təhsildən yayınmasının qarşısını almaq üçün təqaüd, nəqliyyat, yataqxana və peşə təhsili imkanları genişləndirilməlidir. Çünki bəzi ailələrdə qızın təhsilini davam etdirməsi üçün imkanların məhdud olması erkən nikahı "alternativ" kimi təqdim edə bilir. Qızın təhsilini davam etdirməsi və gələcəkdə əmək bazarına çıxış imkanının olması isə onun ailədən iqtisadi asılılığını azaltmaqla yanaşı, qərarvermə imkanlarını da genişləndirir.
Səhiyyə sisteminin imkanlarından da daha səmərəli istifadə edilməlidir. Yetkinlik yaşına çatmayan şəxsin hamiləlik və digər riskli vəziyyətlərlə bağlı tibb müəssisəsinə müraciəti zamanı uşağın təhlükəsizliyi ayrıca qiymətləndirilməli və qanunvericiliyin tələblərinə uyğun məlumatlandırma və müdaxilə mexanizmləri işlək saxlanılmalıdır.
Maarifləndirmə siyasətində də yanaşma dəyişməlidir. Tədqiqatda respondentlərin böyük hissəsinin erkən nikah barədə eşitdiyi, lakin yalnız kiçik hissəsinin onun hüquqi mahiyyətini dəqiq bildiyi nəzərə alınaraq, kampaniyalar daha praktik məzmun daşımalıdır. Xüsusilə valideynlər, kişilər, kənd icmaları və yeniyetmələr üçün maarifləndirici proqramlar hazırlanmalı, sosial şəbəkələrdən daha fəal istifadə edilməlidir. İnsanlara yalnız erkən nikahın zərərli olduğu deyil, belə vəziyyətlə qarşılaşdıqda hara və necə müraciət etmək lazım olduğu da izah edilməlidir.
Nəhayət, müdafiə sisteminin ən vacib elementlərindən biri çevik və əlçatan yardım olmalıdır. Təhlükə qarşısında olan qız üçün bir neçə saat belə həlledici ola bilər. Buna görə sığınacaqlara çıxış sadələşdirilməli, anonim yardım xətləri genişləndirilməli və təcili yerləşdirmə mexanizmləri gücləndirilməlidir. Sığınacağa yerləşdirilən uşaqlar üçün isə yalnız təhlükəsiz məkan deyil, psixoloji yardım, hüquqi dəstək, təhsilə qayıdış və uzunmüddətli sosial reabilitasiya təmin olunmalıdır.
Nəticə: erkən nikahla mübarizənin yolu yalnız cəzadan keçmir
Rəsmi statistika və sosioloji tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda erkən nikahlarla mübarizədə müəyyən irəliləyiş var. Lakin problemin tam həlli üçün qanunun mövcudluğu ilə onun gündəlik həyatda effektiv tətbiqi arasında körpü yaradılmalıdır. Xüsusilə kənd yerlərində daha yüksək göstəricilərin qalması, hüquqi məlumatlılığın yetərli səviyyədə olmaması və bəzi halların ailə daxilində gizli qalması göstərir ki, mübarizənin preventiv tərəfi daha da gücləndirilməlidir. Bu baxımdan erkən nikahla mübarizə yalnız polis və ya məhkəmənin işi kimi qəbul edilə bilməz. Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, səhiyyə müəssisələri, yerli icra qurumları, məktəblər və vətəndaş cəmiyyəti təşkilatları arasında davamlı əməkdaşlıq formalaşdırılmalıdır. Əsas yanaşma da dəyişməlidir: məqsəd yalnız baş tutacaq bir toyu dayandırmaq yox, qızı həmin evliliyə aparan səbəbləri əvvəlcədən aradan qaldırmaqdır. Bunun üçün onun məktəbdə qalması, hüquqlarını bilməsi, təhlükə zamanı yardım ala bilməsi və gələcək üçün iqtisadi imkanlara sahib olması təmin edilməlidir.
Nəticə etibarilə, erkən nikahın qarşısının alınmasının ən güclü yolu sərt və işlək hüquqi mexanizm, keyfiyyətli təhsil, sosial və psixoloji müdafiə, ailələrlə davamlı maarifləndirmə modelinin qurulmasıdır. Dövlət və vətəndaş cəmiyyəti bu istiqamətlərdə paralel və uzunmüddətli fəaliyyət göstərdiyi halda, statistik azalmanı daha davamlı nəticəyə çevirmək mümkündür.
Araşdırma QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Əvvəl bilik, sonra birlik" layihəsi çərçivəsində hazırlanıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










