Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?
"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır. Bir ilin haradan götürüləcəyi, nəyin ixtisar olunacağı və bunun məzunun hazırlığına necə təsir göstərəcəyi əsas suallardır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, əgər dördillik proqramın bütün məzmunu üç ilə sığdırılacaqsa, tələbəni daha intensiv təhsil prosesi gözləyəcək. Dərs yükü artacaq, müstəqil çalışma tələb olunacaq, praktiki məşğələlərin əhəmiyyəti yüksələcək. Bu halda üç il "asan universitet" deyil, əksinə, daha intensiv təhsil demək olacaq. Tələbə bir il qazanacaq, amma həmin üç ilin hər ayından daha səmərəli istifadə etməli olacaq:
"Əgər bir il proqramdan sadəcə çıxarılacaqsa, məsələ tamam fərqli görünür. Bu halda tələbə vaxtla yanaşı, müəyyən bilikləri də itirə bilər. Xüsusilə mühəndislik, tibb, təbiət elmləri, pedaqogika və ciddi nəzəri-praktiki hazırlıq tələb edən digər sahələrdə təhsilin məzmununun mexaniki şəkildə azaldılması arzuolunmaz nəticələr yarada bilər. Çünki bəzi biliklərin mənimsənilməsi üçün yalnız dərs saatı deyil, zaman və ardıcıllıq da vacibdir.
Üçillik modelin tərəfdarlarının əsas arqumentlərindən biri isə müasir əmək bazarının diplomdan daha çox bacarıq tələb etməsidir. İşəgötürən üçün gəncin universitetdə neçə il oxumasından daha çox, konkret işi bacarıb-bacarmaması əhəmiyyət daşıyır. Əgər yeni sistem nəzəriyyənin təkrarını azaldaraq praktiki hazırlığı gücləndirəcəksə, üç il ərzində daha faydalı nəticə əldə etmək mümkündür.
Lakin burada universitetlərin öz üzərinə də ciddi məsuliyyət düşür. İllərdir dəyişməyən proqramları olduğu kimi saxlayıb yalnız təhsil müddətini azaltmaqla nəticə əldə etmək mümkün deyil. Fənlərin məzmunu yenilənməli, bir-birini təkrarlayan mövzular aradan qaldırılmalı, tələbələrin real layihələrdə işləməsinə daha çox imkan yaradılmalıdır. Universitet tələbəyə yalnız "nəyi bilməli olduğunu" deyil, "bildiyini necə tətbiq etməli olduğunu" da öyrətməlidir.
Əslində, üçillik sistem universitetlər üçün bir növ imtahan olacaq. İndiyədək dörd ilə sığan proqram üç ilə sığmırsa, problem yalnız müddətdə deyil, proqramın özündə də axtarılmalıdır. Bəlkə də illər ərzində tədris planlarına yığılan artıq mövzular, təkrarlanan fənlər və praktik həyatda az istifadə olunan məlumatlar kifayət qədər çoxdur. Üçillik model bu baxımdan ali təhsilin özünü də yeniləmək üçün fürsət yarada bilər.
Lakin bu dəyişiklik əmək bazarından ayrı düşünülməməlidir. İşəgötürən üçillik bakalavr məzununu hansı səviyyədə qəbul edəcək? Təhsil müddətinin azalması onun peşə hazırlığına münasibəti dəyişəcəkmi? Müəyyən ixtisaslarda bakalavr səviyyəsində öyrənilən biliklərin bir hissəsi magistraturaya keçiriləcəksə, magistr təhsilinin yükü və əhəmiyyəti necə dəyişəcək? Bu suallar cavablandırılmadan yalnız "üç il daha yaxşıdır" demək də, "dörd il mütləq lazımdır" demək də kifayət deyil.
Tələbənin sosial həyatı da bu hesablamanın bir hissəsi olmalıdır. Universitet yalnız auditoriya və imtahan zalı deyil. Tələbə burada müxtəlif layihələrdə iştirak edir, tələbə təşkilatlarına qoşulur, xarici dil öyrənir, fərqli insanlarla ünsiyyət qurur və ilk peşə əlaqələrini yaradır. Üçillik sistem tələbənin bu imkanlarını azaltmamalı, əksinə, onları daha səmərəli təşkil etməlidir.
Ən mühüm məsələ isə diplomun müddətinin deyil, məzunun keyfiyyətinin ölçülməsidir. Sabah üçillik bakalavr diplomu alan gənc işəgötürənin qarşısında dayananda onun neçə il oxumasından daha vacib bir sual veriləcək: "Nə bacarırsan?" Əgər cavab güclüdürsə, üç il kifayət edə bilər. Cavab zəifdirsə, dörd ilin nə qədər fayda verdiyi də ayrıca sualdır.
Ona görə də universitetlərin üç ilə endirilməsi məsələsini sadəcə "tələbələr bir il tez məzun olacaq" xəbəri kimi təqdim etmək düzgün olmaz. Bu, ali təhsilin fəlsəfəsinə toxunan dəyişiklikdir. Üç il ərzində daha çox şey öyrətmək mümkündürsə, bu, islahatdır. Üç il ərzində əvvəlki biliklərin bir hissəsini itirmək bahasına diplom verməkdirsə, bu, sadəcə təqvim dəyişikliyidir.
Bir sözlə, məsələ üç il və ya dörd il deyil. Məsələ üç ilin içini nə ilə dolduracağımızdır. Universitetin uğuru diplomun tələbənin əlinə bir il tez keçməsi ilə yox, həmin diplomun arxasında nə qədər real bilik və bacarıq dayanması ilə ölçüləcək".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










